Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ötən il yaradılmış Ukrayna üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının işini daha bir il uzatmağa çağırıb.
“Report” xəbər verir ki, o, bu barədə Cenevrədə BMT İnsan Haqları Şurasının (İHŞ) 52-ci sessiyasının açılışında çıxışı zamanı bildirib.
Sessiya zamanı o, Rusiyanı Ukrayna ilə müharibəyə başladığına görə qınayıb və bu müharibə zamanı hərbi cinayətlərin törədildiyini söyləyib.
“Ona görə də bu sessiyada İstintaq Komissiyasının mandatı uzadılmalıdır”, - o deyib.
C.Kleverli Rusiyadan maneəsiz humanitar çıxışın təmin olunması və Londonun Ukraynanın bir hissəsi hesab etdiyi ərazilərdən qüvvələrini dərhal çıxarmağı tələb edib.
Qeyd edək ki, Ukraynadakı hadisələrin araşdırılması üzrə Müstəqil Beynəlxalq Komissiya 2022-ci il martın 4-də UNHRC tərəfindən yaradılıb və bir il müddətinə mandat alıb. Onun işinin məqsədi Rusiyanın Ukraynaya hərbi təcavüzü kontekstində insan haqları və beynəlxalq humanitar hüququn bütün iddia edilən pozuntularını və əlaqəli cinayətləri araşdırmaq, bu cür pozuntuların faktlarını, şəraitini və səbəblərini müəyyən etməkdir.