Britaniya Ukraynaya əlavə üç müasir reaktiv yaylım atəş sistemi (MLRS) və onlar üçün əhəmiyyətli sayda raket verəcək.
"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
O, qeyd edib ki, London artıq üç reaktiv yaylım atəş sistemi tədarük edib. Yeni partiyaya daha üç sistem daxil olacaq.
Kopenhagendə Ukraynaya yardımla bağlı beynəlxalq konfransda çıxış edən Britaniya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, bu dəqiq idarə olunan silahlar artıq Ukraynaya Rusiyanın sursat təchizatı və komanda mərkəzlərini hədəf almağa kömək edir.
Departament rəhbəri vurğulayıb ki, Britaniya Ukraynanın Qərbin artıq təmin etdiyi reaktiv yaylım atəşi sistemlərindən istifadə etməsindən məmnundur. Onun sözlərinə görə, Ukrayna qoşunları döyüş sursatı tez tükənməməsi üçün hansı hədəfləri vuracağını daha yaxşı ayırd etdiyini göstərib. Uolles qeyd edib ki, bu, Ukraynanın köhnə sovet dövründən qalma silahlardan müasir NATO silahlarına keçidinin bir hissəsidir.
"Bizim davamlı dəstəyimiz çox aydın mesaj verir: Britaniya və beynəlxalq ictimaiyyət bu qeyri-qanuni müharibəyə qarşı çıxır və Ukraynaya Putinin işğalından qorunmaqda kömək etmək üçün müdafiə hərbi yardımı göstərməkdə çiyin-çiyinə olacaq", - britaniyalı nazir bildirib.