“Biz Ukraynaya hər cür dəstəyi verməyə hazırıq”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.
O, Ukraynanın daxili işlər naziri Denis Monastırski də daxil olmaqla 19 nəfərin həlak olduğu təyyarə qəzası ilə bağlı Ukrayna xalqına başsağlığı verib: “Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun komandasının üzvləri və mülki şəxslərin həyatına son qoyan helikopterin bu səhər qəzaya uğraması faciəvi xəbərdir. Denis Böyük Britaniyanın əsl dostu idi”.
Xatırladaq ki, yanvarın 18-də Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzaya uğrayıb. Nəticədə Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olublar. Göyərtəsində 9 nəfərin olduğu helikopterin uşaq bağçası və yaşayış binasının üzərinə düşməsi nəticəsində ümumilikdə 19 nəfər ölüb, 29 nəfər yaralanıb.