Brüsseldə İbrahim adlı gəncin ölümü qarışıqlıqlarla nəticələndi
Brüsseldə İbrahim adlı gəncin ölümü qarışıqlıqlarla nəticələndiBrüsseldə gəncin ölümünə etiraz əlaməti olaraq keçirilən aksiya qarışıqlıqlarla nəticələnib.
Brüsseldə gəncin ölümünə etiraz əlaməti olaraq keçirilən aksiya qarışıqlıqlarla nəticələnib.
“Report” xəbər verir ki, bu barədə RTBF telekanalı bildirib.
Telekanalın məlumatına görə, 23 yaşlı İbrahim B-nin ailəsi vətəndaşları çərşənbə günü dinc etiraz aksiyasına çıxmağa çağırıb. Aksiya yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 18:00-da) polis bölməsinin qarşısında başlayıb. Təxminən 500 insanın iştirak etdiyi dinc aksiya tezliklə qarışıqlıqlara keçib, buna görə də təhlükəsizliyin təmin olunması üçün əraziyə əlavə polis əməkdaşları cəlb edilib.
Qarışıqlıqların gedişatında bir neçə polis avtomobilinə zərər vurulub, nümayişçilər küçələrdə talanlar təşkil ediblər. RTBF-in məlumatına görə, ən azı 15 etirazçı saxlanılıb. Hadisələrin baş verdiyi yerlərə azı 3 təcili yardım maşını gəlib.
Yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-də) polis əməkdaşları hələ də asayişin bərpası üçün aksiyanın keçirildiyi yerdən getməyiblər. "Biz asayişin bərpası üçün hər şeyi edirik", - hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.
“The Brussels Times” qəzeti prokurorluğa istinadən bildirib ki, İbrahim B. yanvarın 9-da koronavirusdan müalicə edildiyi tibb mərkəzini özbaşına tərk edib, o, dindirilməsi üçün polisə aparılıb, ancaq polis bölməsinə gedəndən sonra huşunu itirib. İbrahim B. xəstəxanaya çatdırılıb, lakin həmin günün axşam saatlarında xəstəxanada ölüb.
Aksiyaçıların fikrincə, o, polis özbaşınalığının qurbanı olub.