Liviyadakı daxili hərbi münaqişənin tərəfləri olan Milli Uzlaşma Hökuməti və ölkənin şərq regionuna nəzarət edən səhra komandiri Xəlifə Həftər arasında bu gün Cenevrədə atəşkəs sazişi imzalanıb.
“Report” xəbər verir ki, bu barədə BMT Liviya Dəstək Missiyası (UNSMİL) feysbuk səhifəsindən bildirib:
“Bu gün Cenevrədə 5+5 formatında Liviya Ortaq Hərbi Komitəsi çərçivəsində keçirilən danışıqlar Liviyada daimi atəşkəs razılaşması əldə edilməsi kimi tarixi nailiyyətlə başa çatıb”.
Atəşkəs sazişi BMT-nin Liviyadakı xüsusi elçisi, UNSMİL rəhbəri Stefane Uilyams və hər iki tərəfin nümayəndələri tərəfindən imzalanıb. Bununla bağlı keçirilən mətbuat konfransında UNSMİL rəhbəri atəşkəs sazişini “Liviyada sülh və sabitlik istiqamətində mühüm dönüş nöqtəsi” olaraq səviyyələndirib.
Qeyd edək ki, oktyabrın 19-dan aparılan danışıqlar nəticəsində əldə edilmiş razılaşmaya görə bütün əcnəbi döyüşçülər və muzdlular 3 ay ərzində ölkə ərazisini tərk etməlidir. Tərəflər arasında siyasi müzakirələr gələn ay Tunisdə aparılacaq.
Liviyada daxili hərbi qarşıdurma 2011-ci ildə ölkənin keçmiş lideri Müəmmər Qəzzafinin vəfat etməsilə başlayıb.