Çexiyanın şimal-şərqindəki Ostrava şəhərinin Plesna yaşayış massivində İkinci Dünya müharibəsindən qalmış 100 kiloqramlıq bomba aşkarlanıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bomba həyəcanı ilə əlaqədar təxminən 1,3 min insan təxliyə edilib.
Bombanı evinin yaxınlığında torpaq qazan bir şəxs tapıb və tapıntı barədə polisə məlumat verib. Əraziyə çağırılan istehkamçılar 800 metr radiusda ərazinin bütün sakinlərinin təxliyə edilməsi barədə göstəriş verib.
Ostrava bölgəsində İkinci Dünya müharibəsindən qalmış bomba və mərmilərə hələ də rast gəlinir. 1945-ci ilin mart-may aylarında burada Sovet Ordusunun nasistlərə qarşı Moraviya-Ostrava hücum əməliyyatı aparılıb.