Çexiyanın Baş naziri Andrey Babiş ölkə parlamentinə seçkilərdə rəhbəri olduğu ANO hərəkatının məğlubiyyətini etiraf edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
"Məğlubiyyətimizi etiraf etməliyəm, “Birlikdə” hərəkatının lideri cənab Fialı qələbə münasibətilə təbrik edirəm. Biz əsasən Praqada keçirilən seçkilərdə məğlub olduq. Mənə qarşı irəli sürülən müxtəlif fərziyələrə və ittihamlara baxmayaraq, çox böyük seçici faizi əldə etdik", - Baş nazir deyib.
Babişin sözlərinə görə, hərəkata qarşı çıxan beş partiyanın məqsədi onu sarsıtmaq, zərbə vurmaq olub.
Çexiya parlamentinin aşağı palatasına keçirilən seçkilərdə üç liberal partiya və hərəkatdan ibarət "Birlikdə" koalisiyası kiçik seçici fərqi ilə qalib gəlib. Eyni zamanda Baş nazir Andrey Babişin rəhbərlik etdiyi mərkəzçi siyasi hərəkat ANO Çexiya parlamentində yerlərin çoxunu qazanıb.
Artıq parlament seçkilərində seçki məntəqələrinin 99%-də bülletenlər hesablanıb. Çexiya Mərkəzi Statistika İdarəsi məlumatına görə, üç müxalif liberal partiyadan ibarət koalisiya bülletenlərin hesablanmasından sonra lider olub.
Baş nazir Andrey Babişin hakim mərkəzçi hərəkatı olan ANO 27,45 faizlə ikinci yerdə qərarlaşıb.
Bunun ardınca Pirat Partiyasını və "Başlar və Müstəqillər" hərəkatını birləşdirən başqa bir liberal koalisiya (15.4 faiz) yer tutub.