Rəsmi Pekin Çindəki ABŞ diplomatik missiyası əməkdaşlarının fəaliyyətini məhdudlaşdırıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Liszyan bildirib.
“Honkonqdakı Baş Konsulluğun əməkdaşları da daxil olmaqla ABŞ-ın Çindəki diplomatik missiyalarının fəaliyyətini məhdudlaşdırmışıq və Birləşmiş Ştatlara səhv addımını dəyişməsi üçün diplomatik nota göndərmişik”, - Çjao Liszyan vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo Çin diplomatlarının fəaliyyətinə məhdudiyyət tətbiq edildiyini açıqlamışdı. Məhdudlaşdırıcı tədbirlərə əsasən, çinli diplomatlar ABŞ-da universitet kampuslarına və diplomatik binalardan kənar 50 nəfərdən çox insanın iştirak etdiyi tədbirlərin keçirilməsi üçün hakimiyyətdən icazə almalıdır.
Xatırladaq ki, iyulun 22-də ABŞ Çindən Hyustondakı Baş Konsulluğun fəaliyyətini 72 saata dayandırmağı tələb etmişdi. Öz növbəsində, Çin iyulun 24-də ABŞ-dan Sıçuan əyalətinin Çendu şəhərindəki Baş Konsulluğun fəaliyyətini dayandırmağı tələb edib.