Çin Marsın araşdırılması məqsədilə “Tianwen-1” (“Səmaya suallar -1”) adlı ilk zondunu səmaya buraxıb.
“Report” “Sinhua” agentliyinə istinadən xəbər verir ki, buraxılış Haynan adasındakı “Vençan” kosmodromundan, “Çanjen-5” raket daşıyıcısı vasitəsilə edilib.
İlkin hesablamalara görə, zondun planetin səthinə çatması üçün yeddi ay lazım olacaq, missiya uğurlu olarsa, zond alınan məlumatları 2021-ci ildə Yerə göndərəcək.
Xatırladaq ki, aprel ayında Çin Marsı araşdırmaq üçün ilk missiyaya hazırlığın başladığını elan etmişdi. Planlaşdırılan missiyaya Marsın orbitinə çıxma və orada fırlanma, Qırmızı planetin səthinə enmə və orada hərəkət daxildir. Missiya uğurlu olarsa, alimlər planetin atmosferin, relyefini, geoloji xüsusiyyətlərini, maqnit sahəsinin xüsusiyyətlərini öyrənə biləcəklər ki, bu da Marsın və bütün günəş sisteminin yaranması və təkamülü haqqında bilgilər əldə etməyə kömək edəcək.
Eyni zamanda, missiyanın əsas məqsədi Marsda mümkün həyat əlamətlərini tapmaq, habelə alimlərə bu planetdəki vəziyyətin gələcəkdə insan həyatına uyğun olacaq şəkildə dəyişə bilib-bilməyəcəyini anlamaqda kömək etməkdir.