Çin koronavirusun “Omikron” ştamının yayılmasının qarşısını almaq üçün Şanxay şəhərinə 10 mindən çox tibb işçisi, o cümlədən 2 min hərbçi göndərib.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Hazırda Şanxayın 26 milyon sakini test verir. Şəhərdə 2 həftədir qapanma qüvvədədir.
Bir sıra müəssisə və maliyyə şirkəti əməkdaşlarını təcrid etməklə fəaliyyətlərini davam etdirir, lakin bir çox mağaza və kommersiya müəssisələri bağlanmaq məcburiyyətində qalıb.
Xatırladaq ki, dünən Çində COVID-19-a 13 min yoluxma halı qeydə alınıb. Bunun 9 mini Şanxay şəhərinin payına düşüb.