Çinin ən böyük dövlət maliyyə təsisatlarından olan “Harong Asset Management”in sabiq rəhbəri Lai Xiaomin bir sıra cinayətlərdə təqsirli bilinərək Tiancin Şəhər Məhkəməsinin qərarı ilə edam edilib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, keçmiş iş adamına qarşı 1,8 milyard yuan (277 milyon ABŞ dolları) məbləğində vəsaiti talamaq və başqa korrupsiya əməlləri, habelə çoxevliliklə bağlı ittihamlar irəli sürülmüşdü.
Məhkumun hansı yolla edam edildiyi göstərilməsə də, edamdan əvvəl yaxınları ilə görüşünə icazə verildiyi bildirilir.
Barəsində hökm bu ay verilən Lai Xiaomin 2009-2018-ci illər ərzində 25 milyon yuandan artıq ictimai vəsaiti qəsb etməkdə, habelə bütövlükdə 1,7 milyard yuan məbləğində rüşvətxorluqda şübhəli bilinərək 2018-ci ilin aprel ayında istintaqa cəlb edilmiş və işindən, habelə partiya üzvlüyündən xaric edilmişdi.
“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatına görə, ildə minlərlə müttəhimin edama məhkum edildiyi Çin bu baxımdan dünyada liderdir.