Çin Xalq Azadlıq Ordusunun azı 18 ədəd "H-6" bombardmançı təyyarəsi Tayvan boğazı üzərində uçuş həyata keçirib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Tayvan ordusu çərşənbə axşamı səhər saatlarında Çinə məxsus 29 hərbi təyyarənin və 3 gəminin hərəkətinin qeydə alındığını bəyan edib.
Agentliyin məlumatına görə, 2020-ci ilin sentyabrından sonra Çin ilk dəfədir Tayvan istiqamətində bu qədər sayda bombardmançı təyyarə göndərir.
Xatırladaq ki, Tayvan məsələsi 1949-cu ildə meydana gəlib. Belə ki, həmin il Çinin materik hissəsində Çin Xalq Respublikası qurulduqdan sonra Qomindan Partiyasının lideri Çan Kayşi Tayvan adasına qaçaraq burada Tayvan Çin Respublikasının əsasını qoyur. Rəsmi Pekin "vahid Çin prinsipi"ndə israr edir və eyni zamanda, həm Çin Xalq Respublikasını, həm də Tayvandakı Çin Respublikasını tanımağın mümkün olmadığını iddia edir. Bununla belə, bir çox böyük dövlətlərdə Taypeyin qeyri-rəsmi mədəni və iqtisadi ofisləri fəaliyyət göstərir.