COP16: Səudiyyəli gənclər ekoloji qərarların qəbulunda fəal iştirak etmək istəyir və buna qadirdirlər

COP16: Səudiyyəli gənclər ekoloji qərarların qəbulunda fəal iştirak etmək istəyir və buna qadirdirlər BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyası (COP16) ərəfəsində Səudiyyə Ərəbistanının müxtəlif təşkilat, şirkət və elmi mərkəzlərinin gənc nümayəndələri onlayn formatda keçirilən dəyirmi masada torpaq resurslarını
Digər ölkələr
26 Noyabr , 2024 14:55
COP16: Səudiyyəli gənclər ekoloji qərarların qəbulunda fəal iştirak etmək istəyir və buna qadirdirlər

BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyası (COP16) ərəfəsində Səudiyyə Ərəbistanının müxtəlif təşkilat, şirkət və elmi mərkəzlərinin gənc nümayəndələri onlayn formatda keçirilən dəyirmi masada torpaq resurslarının dayanıqlı idarə edilməsi ilə bağlı problemlərin həllinə və torpaqların deqradasiyası ilə mübarizəyə gənclərin cəlb edilməsinin vacibliyini müzakirə ediblər.

Görüş Şahzadə Sultan Universitetinin Dayanıqlılıq və İqlim üzrə Mərkəzi, BMT İnkişaf Proqramı - Səudiyyə Ərəbistanı və Vision for Sustainable Africa (VSA) tərəfindən “Report” İnformasiya Agentliyi və digər təşkilatlarla əməkdaşlıq çərçivəsində təşkil edilib.

Görüşün moderatoru, “Vision for Sustainable Africa”nın təsisçisi və prezidenti, Şahzadə Sultan Universitetinin Dayanıqlılıq və İqlim üzrə Mərkəzinin təsisçi direktoru professor Məhəmməd Nurunnabinin sözlərinə görə, gənclərin COP16-da fəal iştirakı qəbul edilən qərarların gələcək nəsillərin ehtiyac və arzularını əks etdirməsini təmin etmək üçün həlledici əhəmiyyət kəsb edir. Onların iştirakı torpaqların inkişafı və iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş davamlı gündəliyin irəli aparılmasında mühüm rol oynayır.

Professor Nurunnabinin sözlərinə görə gənclərə, onların ambisiyalarına və üzləşdikləri çağırışlara diqqəti cəmləşdirmək üçün bundan daha münasib vaxt olmayıb.

Gənclər COP16-la bağlı gözləntilərindən danışarkən kritik ekoloji problemlərin və dayanıqlı inkişaf məsələlərinin həllinə, səhralaşma və torpaqların deqradasiyasına qarşı mübarizə öhdəliklərinə diqqət yetirməyin vacibliyini vurğulayıblar. Onlar bu problemlərin həlli, gənclər və qərar qəbul edənlər arasındakı uçurumun aradan qaldırılması üçün səylərin artırılmasının vacibliyini qeyd ediblər. Torpaq resurslarının dayanıqlı idarə edilməsi, su təhlükəsizliyi və kənd təsərrüfatı innovasiyalarına xüsusi diqqət yetirilib.

Dəyirmi masa iştirakçıları torpaq resurslarının dayanıqlı idarə edilməsi ilə bağlı fəaliyyətdə iştiraklarına mane olan maliyyə əngəllərindən danışıblar.

Tədbirdə həmçinin Aişa Əlsamdani (Səudiyyə Ərəbistanının Gənclər İqlim Şəbəkəsi - KSA LCOY), “Sangha Estidama Hub"un təsisçisi və baş direktoru Raqad Fathaddin və başqaları çıxış ediblər.

Tədbir BMT-nin Qlobal Sazişi (UNGC), BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası (UNCCD), UNESCO, Oxford Impact Group və FBN ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Son xəbərlər

Orphus sistemi