ABŞ Prezidenti Co Bayden “Böyük Yeddilər” (G7) dövlətləri liderlərinin fevralın 19-da videokonfrans rejimində keçiriləcək virtual görüşündə iştirak etmək, pandemiya ilə mübarizəni, dünya iqtisadiyyatının bərpasını, həmçinin Çin tərəfindən "iqtisadi çağırışlar"ı müzakirə etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.
"Bazar iqtisadiyyatının inkişaf etdiyi aparıcı demokratik ölkələrin liderləri ilə bu virtual görüş prezident Baydenə pandemiya ilə mübarizəni və qlobal iqtisadiyyatın bərpası planlarını müzakirə etməyə imkan verəcək", - bəyanatda qeyd edilir.
Bayden diqqəti xüsusilə peyvəndlərin istehsalı, paylanması və tədarükünün əlaqələndirilməsinə, həmçinin yeni yoluxucu xəstəliklər təhlükəsinə qarşı səfərbər olmaq və əməkdaşlıq etmək səylərinin davam etdirilməsinə yönəldəcək.