Danimarkada koronavirusla bağlı tətbiq edilmiş bütün məhdudiyyətlər bu gündən qüvvədən düşüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla da Danimarka Avropa İtifaqının üzv ölkələri arasında bu cür addımı atan ilk ölkə olub.
Belə ki, bu gündən etibarən maska taxmaq, COVID pasportları gəzdirmək məcburi deyil, ictimai iaşə yerlərinin fəaliyyətində vaxt məhdudiyyəti yoxdur, gecə klubları açılır, qapalı məkanlarda insanların sayına limit qoyulmur.
Eyni zamanda, Şengen zonasına aid olmayan ölkələrdən peyvənlənməmiş şəxslərin ölkəyə girişi hələ də məhdudlaşdırılır.
Koronavirusla bağlı məhdudiyyətlərin ləğv olunması Səhiyyə Nazirliyinin təşəbbüsü ilə parlamentdə qəbul edilib. Hərçənd ötən gün ölkədə 27,6 minədək yoluxma qeydə alınıb. Danimarkada əhalinin 80 faizə yaxın hissəsinə koronavirusa qarşı iki dəfə peyvənd, 60 faizinə isə buster dozası vurulub.