Dünyada bir gün ərzində koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 202 mindən çox artıb və 14,7 milyonu ötüb.
“Report”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Son məlumata əsasən, bir gün ərzində koronavirus infeksiyasına yeni 202 726 yoluxma qeydə alınıb, COVID-19-dan 4 286 pasiyent ölüb. Beləliklə, dünyada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 14 765 256, ölənlərin ümumi sayı 612 054 nəfər təşkil edir.
Təhlükəli infeksiyaya ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Qitədə 7 811 127 insanda COVID-19 aşkarlanıb. Siyahıda ikinci yerdə Avropa qərarlaşıb. Köhnə qitədə 3 124 701 insan virusa yoluxub.