"Moldova vətəndaşlarının 80%-i son dərəcə çətin vəziyyətdədir ki, bu da həm hökumətə, həm də ATƏT, Aİ, NATO kimi beynəlxalq qurumlara qarşı narazılığın və etimadsızlığın artmasına, habelə Ukrayna münaqişəsinə qarşı həmrəyliyin zəifləməsinə səbəb olur".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Moldova eksperti, “İntellect Group” sosioloji mərkəzinin rəhbəri Yan Lisnevski bildirib.
Onun sözlərinə görə, enerji böhranı hazırda həm Moldova vətəndaşları, həm də hökumət üçün ən aktual problemlərdən biridir: "Fərq yalnız bu məsələnin həllinə yanaşmadadır. Vətəndaşların əksəriyyəti bu problemin tezliklə həll edilməsini istəyir, çünki yüksək işıq və qaz tariflərini ödəyə bilmirlər".
Y. Lisnevski qeyd edib ki, eyni vəziyyət enerji böhranı fəsadlarının daha az hiss olunduğu qonşu Rumıniyada da müşahidə olunur:
"Son sorğular göstərir ki, Rumıniyada da NATO-ya inam 15%, Aİ-də 10% azalıb. Ukraynada enerji infrastrukturunun atəşə tutulması ilə bağlı vəziyyət yalnız Moldovada belə fövqəladə hallara hazırlaşmaq üçün lazımi tədbirlər görülmədiyini sübut etdi və bir çox nöqsanları ortaya çıxardı. Onlar hazırda Dnestryanı ilə elektrik enejisinin tədarükü ilə bağlı müqavilə əsasında bunu kompensasiya etməyə çalışırlar. Elektrik enerjisinin verilməsinin dayandırılması hadisəsi bir daha sübut etdi ki, Avropa İttifaqı (Aİ) ölkələri ilə yeni logistika, enerji və həyati əhəmiyyətli kommunikasiyalar yaratmadan Avropaya inteqrasiya prosesi mümkün deyil. İndiki mərhələdə avrointeqrasiya prosesi yalnız bəyannamələrə və Aİ-nin qısamüddətli yardımlarına əsaslanır. Hökumətlə əhali arasında əlaqənin lazımi səviyyədə olmaması və böhran əleyhinə planın hazırlanmaması ona gətirib çıxarıb ki, vətəndaşların əksəriyyəti (47%) baş verənlərə görə prezidenti, yalnız 37%-i Ukraynadakı müharibəni günahlandırır. Bu həm də onunla izah olunur ki, enerji böhranı hələ 2021-ci ildə Moldovaya təsir edib. Belə ki, vətəndaşların 67%-i hesab edir ki, hökumətin bu problemi həll etmək, həyati əhəmiyyətli dövlət müəssisələrini (xəstəxanalar, klinikalar, məktəblər, uşaq bağçaları və s.) lazımi enerji ilə təmin etmək üçün alternativ mənbələr tapmaq üçün kifayət qədər vaxtı olub. Ukrayna hadisələrinə qədər vətəndaşların 65%-dən çoxu yoxsulluq səbəbindən enerjiyə qənaət edirdisə, indi bu faiz 80%-ə yüksəlib. Bu, artıq həmrəylik aksiyası deyil, vətəndaşlar üçün zərurətdir".
Ekspert bildirib ki, silahlı münaqişənin uzanması və bunun mənfi fəsadları sadə əhalinin siyasi baxışlarına, narazılığın artmasına gətirib çıxarıb:
"Qonşu ölkədə olduğu kimi, Zelenski və NATO-nu münaqişəni qızışdırmaqda ittiham edən əhalinin faizi artaraq 44%-ə çatıb, bununla müqayisədə əhalinin yalnız 42%-i Putini və Rusiyanı günahlandırır. Yaxın 5 ildə iqtisadi (38%), siyasi (37%) və təhlükəsizlik (36%) baxımından ən sərfəli tərəfdaşlardan birinin Rusiya olduğuna inanan əhalinin faizi də artır. Son sosioloji sorğunun nəticələri açıq şəkildə göstərir ki, hökumət cəmiyyətin əsas problemlərinə məhəl qoymamaqda və bəhanələr axtarmaqda davam edərsə (əsaslı olsa belə), vətəndaşların Avropaya inteqrasiya məsələsinə inamını itirmək riski ilə üzləşir, bu isə Moldova Respublikası üçün çox vacibdir. Enerji böhranının həlli məsələsinin əsas təhlükəsi də bundan ibarətdir. Əgər hökumət bir milyardın vəsaitin oğurlanmasından sonra olduğu kimi avrointeqrasiya prosesində yenidən əhalinin dəstəyini və etibarını itirərsə, Moldova bu yeganə düzgün yolda yenə onilliklər itirə bilər".