Beynəlxalq hüquq normalarına və BMT-nin müvafiq qətnamələrinə riayət etmədən münaqişə tərəfləri arasında hərtərəfli və davamlı sülhə nail olmaq mümkün deyil.
Bu fikirləri “Report”a Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Fələstin-İsrail münaqişəsinin yenidən kəskinləşməsini şərh edərkən bildirib.
“Fələstindən dəhşətli görüntülər alırıq, dünya ağrılı bir şəkildə təkrarlanan, ürəkparçalayıcı faciəyə və dəhşətli hadisələrə şahidlik edir”, – o deyib.
Səfirin sözlərinə görə, davam edən eskalasiyanın əsas səbəbi bəzən dünya mediasında və müəyyən dairələr tərəfindən təhrif edilir. Baş verənlər təhrif edilmiş bir halda HƏMAS-ın başlatdığı İsrail-HƏMAS müharibəsi kimi qələmə verilir.
Diplomat dünya güclərini, xüsusən də İsraili maddi və siyasi cəhətdən dəstəkləyən ABŞ-ı insan haqları ilə əlaqədar dünyaya təbliğ etdiyi ideyalara sadiq qalmağa çağırıb: “Çünki Fələstin xalqı və dünyanın digər hissəsi İsrailin özünümüdafiə hüququ barədə təkrar-təkrar bildirdiyi bayağı monoton fikirləri, eləcə də Fələstinlə bağlı bəzi çeynənmiş fikirləri eşitməkdən yorulub – sanki fələstinlilərin həyatı və ləyaqətləri daha az dəyər daşıyır, buna görə də onların özlərini müdafiə etmək hüquqları yoxdur”.
Səfir status-kvonun qeyri-sabit olduğunu vurğulayıb: “Fələstin xalqının hüququdur ki, paytaxtı Əl-Qüds (Şərqi Yerusəlim) olan öz müstəqil dövlətində ləyaqətlə yaşasın. Beynəlxalq hüquq normalarına və İsraili qanunsuz işğala son qoymağa çağıran müvafiq BMT qətnamələrinə riayət etmədən işğalçı dövlətlə işğal olunmuş dövlət arasında hərtərəfli və davamlı sülhə nail olmaq mümkün deyil”.
Diplomat qeyd edib ki, yalnız bu halda iki xalq müqəddəs torpaqlarda davamlı sülh və əmin-amanlıq içində yaşayacaq.