Fransanın mədəniyyət naziri Rozelina Baçelo yüz minlərlə əlcəzairlinin öldürüldüyü müstəqillik müharibəsi ilə bağlı sənədlərin məxfiliyini çıxarmaq və dərc etmək niyyətində olduğunu açıqlayıb.
"Report" bu barədə "Reuters"ə istinadən xəbər verir.
"Tarixi həqiqətlə üzləşmək üçün cəsarətə sahib olmalıyıq. Arxivlərin açılması müharibəni dərk etmək yolunda mühüm addımdır. Kimin izlənildiyini, kimin həbs edildiyini öyrənə biləcəksiniz. Bunlar bu müharibənin repressiv mexanizmini ortaya qoyan zəncirdəki halqalardır”, - Baçelo bildirib.
Əlcəzair 1962-ci ildə müstəqillik müharibəsində qalib gələnə qədər 132 il Fransanın müstəmləkəsi olub. Bu müharibə fransız ordusunun işgəncələrdən istifadə etdiyi ən qəddar müharibə hesab olunur.