Fransa Avropa İttifaqı (Aİ) ilə ABŞ-ın “Pfizer” şirkəti arasında koronavirus peyvəndinin tədarükünə dair müqavilənin imzalanmasını gecikdirir.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” qəzeti yazıb.
Müqaviləyə əsasən, peyvəndin 1,8 milyard dozasının 2023-cü ilədək ittifaqa tədarükü nəzərdə tutulub.
Qəzetin məlumatına görə, müqavilə keçən həftə Avropa Komissiyasının kollegiyası tərəfindən təsdiqlənməli idi, lakin bu baş verməyib.
Sənədin imzalanması üçün onun yekdilliklə təsdiqlənməsi lazımdır. “Die Welt” yazır ki, müqavilənin hələ də imzalanmaması əsasən Avropa İttifaqının daxili bazar məsələri üzrə komissarı, Fransanı təmsil edən Tyerri Bretonun tutduğu mövqeyi ilə əlaqədardır. Belə ki, T.Breton Aİ-nin özündə peyvəndin istehsal gücünün artırılmasının tərəfdarıdır.
O, Avropa Komissiyası kollegiyasının iclasında “Pfizer”lə müqaviləyə qarşı çıxıb. Lakin, Avropa Komissiyası bu məlumatı təsdiqləməkdən imtina edib.
Qəzetin yazdığı kimi, Fransanın Aİ komitəsindəki təmsilçisi müqavilənin imzalanmasını bilərəkdən gecikdirir. Gecikməyə bəhanə olaraq daim yaranan problemlər, texniki məsələlər və təfərrüatların aydınlaşdırmasına dair tələblər göstərilir.
Qəzetin Aİ-dəki diplomatik mənbəsinə görə, Paris “BioNTech-Pfizer” konsorsiumu tərəfindən hazırlanmış peyvəndi istehsal edən müəssisələri Fransa ərazisinə köçürməyə çalışır. Lakin, nəşr xatırlatdır ki, Fransanın özündə “mRNT”yə əsaslanan sertifikatlaşmış peyvənd istehsal edə biləcək fabrik yoxdur.