Fransada prezident seçkilərinin ikinci turu üçün səsvermə ölkənin dənizaşırı departamentlərində və Amerika qitəsindəki diplomatik nümayəndəliklərində ölkənin materik hissəsindən bir gün əvvəl başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, hökumətin yanvar dekretinə uyğun olaraq, ilk məntəqələr Paris vaxtı ilə saat 12:00-da Kanadada Nyufaundlend yaxınlığındakı Sen Pyer və Mikelon icmasında açılıb. Yaxın saatlarda Qvadelupa, Martinika, Fransa Qvianası və Fransa Polineziyasının sakinləri, həmçinin Fransanın Şimali və Cənubi Amerika ölkələrindəki diplomatik nümayəndəliklərinin əməkdaşları da səs verəcək.
Ölkənin Avropa hissəsinə nisbətən daha erkən səsvermə saat qurşaqlarındakı fərqə görə baş verir. Seçkilərin yekun nəticələri ölkənin əsas materik hissəsində və Qərb yarımkürəsindəki Fransa ərazilərində eyni vaxtda elan ediləcək. Fransanın dənizaşırı departamentlərində, təxminən, 2 milyon seçici, yəni ümumi seçicilərin, təqribən, 4%-i yaşayır.
Bu arada, ölkənin Avropa hissəsində şənbə günü ciddi şəkildə sükut günü qeyd olunur. Namizədlər seçkiöncəsi “vuruşmalardan” sonra dincəlir. Fransanın materik hissəsində, o cümlədən Korsika adasında seçki məntəqələri aprelin 24-ü səhər saatlarında açılacaq və yerli vaxtla saat 20:00-dan gec olmayaraq bağlanacaq. Məntəqələr bağlanana qədər namizədlərə və onların nümayəndələrinə təşviqat xarakterli bəyanatlar yaymaq, ictimaiyyətlə görüşlər keçirmək, o cümlədən öz internet saytlarında məlumatları yeniləmək və sosial şəbəkələrdə mesajlar yerləşdirmək qadağandır.
Qeyd edək ki, Fransada 2022-ci il prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilib. Seçki yarışında 12 namizəd iştirak edib. Bütün bülletenlərin hesablanmasından sonra ikinci tura iki namizəd - ikinci müddətə namizədliyini irəli sürən Fransanın hazırkı Prezidenti Emmanuel Makron (27,84% səs) və Milli Birlik Partiyasının namizədi Marin Le Pen (23,15% səs) keçib.
Xatırladaq ki, 2017-ci ildə də bu rəqiblər ikinci tura yüksəlmişdi və o zaman Makron ikinci turda səslərin 66,1%-ni toplayaraq prezident seçilmişdi.