Fransa Ukraynada nüvə elektrik stansiyalarında təhlükəsizliyin təminatına dair Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) texniki yardımına dəstək verməyə hazırdır.
“Report” xəbər verir ki, bunu Fransa Avropa və Xarici İşlər Nazirliyi IAEA baş direktorunun Ukraynaya səfərinə dair açıqlamasında bildirib.
Nüvə qurğularının təhlükəsizliyi ilə bağlı IAEA-nın səylərini, xüsusilə də Ukrayna və Rusiya rəsmiləri ilə danışıqları dəstəklədiklərini qeyd edən nazirlik müharibədə nüvə obyektləri üçün yaranmış təhlükədən narahat olduqlarını, bununla bağlı məqsədyönlü addımlar atacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, bu gün IAEA baş direktoru Rafael Qrossi Ukraynaya səfər edib. Məqsəd müharibə nəticəsində təhlükəli vəziyyətdə olan nüvə elektrik stansiyalarında təhlükəsizlik tədbirlərinə texniki yardım məsələlərini müzakirə etməkdir. Söhbət dörd stansiyadakı 15 nüvə reaktorunda, habelə Çernobil AES-də görüləcək tədbirlərdən gedir. Qarşıdakı günlərdə bununla bağlı monitorinqin keçiriləcəyi nəzərdə tutulur.