Fransa polisi ölkə parlamentinə baxılması üçün təqdim edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı etiraz edən nümayişçilərə qarşı su şırnaqlarından istifadə edib.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
Qeyd olunub ki, nümayişçilər toplandıqları Trokadero meydanında tonqal yandırmağa başlayıb və polisə fişəng, butulka atıblar. Bundan sonra polislər heç bir xəbərdarlıq etmədən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Bənzər nümayişlər ölkənin digər şəhərlərində də baş verib. Belə ki, Lill şəhərində 1000-dən çox insan, təxminən eyni sayda nümayişçi Ren, 1,3 min nəfər isə Montpelier şəhərinin küçələrinə çıxaraq qanununun 24-cü maddəsinə etiraz edib.
24-cü maddəyə görə, əməliyyat zamanı polis və ya jandarmın kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.
Jurnalistlərin həmkarlar ittifaqları və hüquq müdafiəçiləri isə bu müddəanın jurnalistlərin və sadə vətəndaşların polis məmurlarını lentə almasını və məsələn, polis zorakılığını qeydə almalarını mümkünsüz edəcəyini düşünür.