Avqustun əvvəllərindən Cənubi Koreyada davam edən leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 31 nəfər həlak olub, daha 11 nəfər itkin düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərə və Qəzalara əks təsir üzrə Mərkəzi Qərargahı bildirib.
Ötən bazar günü Kvandju şəhərində, Cənubi və Şimali Çolla əyalətlərində 13 nəfər ölüb. Ölkənin 11 şəhərində və əyalətində təxminən 7 min insan dağılma təhlükəsi səbəbindən evlərini tərk etməyə məcbur olub, 3,4 min vətəndaş indiyə qədər müvəqqəti məskunlaşma məntəqələrində qalır.
Təbii hadisə azı 14 min yaşayış və ictimai binasına, həmçinin təxminən 4,3 min körpü və avtomobil yoluna zərər vurub. Məlumata görə, ölkədə azı 700 torpaq sürüşməsi qeydə alınıb. Təxminən 25 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.