Ötən ilin mayında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukraynanın islahatlar üzrə icraiyyə komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar geri çağırılmış gürcüstanlı səfir Teymuraz Şaraşenidze Kiyevə qayıdıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirliyi bu gün rəsmi saytında məlumat yayıb.
“Bu, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Gürcüstan Prezidenti Salome Zurabişvili arasında 2021-ci il 15 aprel tarixli telefon danışığı zamanı əldə edilmiş razılaşmaların nəticəsində baş verib”, - məlumatda deyilir.
Xarici işlər nazirliyi T.Şaraşenidzenin dünən artıq Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar ilə görüşdüyünü də bildirib.