HƏMAS hərəkatının "İzzəddin al-Kassam briqadası" silahlı qanadı İsrailin Hərbi Hava Qüvvələrinin zərbələrinin yenidən başlanmasına cavab olaraq bu ölkənin cənubundakı Beer-Şev şəhərinə tərəf 100 raket buraxıb.
“Report” xəbər verir ki, bu barədə HƏMAS-ın bəyanatında bildirilir.
"İndi çoxmərtəbəli yaşayış binalarına düşmənin zərbələrinin yenidən başlanmasına cavab olaraq işğal altındakı Beer-Şevə tərəf 100 raket buraxılıb. Sonra daha genişmiqyaslı olacaq", - bəyanatda qeyd edilir.
İsrail ordusu isə öz növbəsində Qəzza sektorunda radikalların əhəmiyyətli hərbi obyektlərinə yenidən zərbələr endirməyə başlayıb.
“Al-Aksa” radiosu bildirib ki, Fələstinin təcili tibbi yardım maşınları İsrailin Hərbi Hava Qüvvələrinin aviazərbələri zamanı həlak olmuş 3 nəfərin meyitini və 4 yaralını Təl-Hava rayonunun xəstəxanasına çatdırıb.
Daha əvvəl bildirilirdi ki, İsrail Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində Fələstin tərəfdən 32 nəfər həlak olub. Onlardan 10-u uşaqlardır. Bununla da Fələstində ölənlərin sayı 35 nəfərə çatıb. Zərbələr nəticəsində daha 220 nəfər yaralanıb. İsrail tərəfdən 1 nəfər ölüb, daha 8 nəfər yaralanıb.