Hindistan Rusiya-Ukrayna müharibəsi fonunda silah tədarükündəki qeyri-müəyyənliyə görə, 10 ədəd dəniz bazalı, radiolokasiya izlənməsi sistemli “Ka-31” helikopterinin satın alınması ilə bağlı Rusiya ilə danışıqları dayandırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Hindistanın “Defence News” nəşri məlumat yayıb.
“Hindistan hökuməti “Rosoboroneksport” və orijinal avadanlıq istehsalçısı olan “Vertolyotı Rossii” ASC ilə danışıqları qeyri-müəyyən müddətə dayandırıb”, - nəşr ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb.
Onların fikrincə, danışıqların dayandırılmasına, digər məsələlərlə yanaşı, ödəniş köçürmələri ilə bağlı problemlər də səbəb olub.
Xatırladaq ki, Hindistan 2019-cu ilin may ayında Rusiyaya “Ka-31” helikopterləri almaq üçün müraciət etmişdi, lakin pandemiya səbəbiylə danışıqlar dayandırılmışdı. Danışıqlar bir də 2022-ci ilin fevralında tərəflərin 10 “Ka-31” helikopteri üçün 520 milyon ABŞ dolları məbləğində vəsait ödəniləcəyi barədə razılığa gəlinməsindən sonra bərpa edilib.
Hazırda Hindistan Hərbi Dəniz Qüvvələrində 14 radiolokasiya izlənməsi sistemli “Ka-31” helikopteri var. Onlar 2003-2015-ci illərdə Rusiyadan satın alınıb.