Fransanın Lo və Qaronna departamentində COVID-19 virusunun Hindistan ştammına yoluxma aşkarlanıb.
“Report” xəbər verir ki, bunu Yeni Akvitaniya bölgəsinin regional səhiyyə təşkilatının rəhbəri Benuat Elbod deyib.
Onun sözlərinə görə, yeni ştamm Hindistandan ölkəyə gələn fransızın analizlərinin cavabında aşkar edilib. Hazırda təcrid olunan şəxsin təmasda olduğu insanlar da yoxlanılır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun Hindistanda aşkarlanan variantının (B.1.617) dünyada sürətlə yayıldığını və 20-dək ölkədə bu ştammın aşkarlandığını açıqlayıb.
COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq qabiliyyəti daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.