Hindistan və Çin təcili olaraq hərbi personalın sərhəd bölgəsindən çıxarılması üzərində işləmək barədə razılığa gəliblər.
“Report”un məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin Laosda ASEAN tədbirləri çərçivəsində bu ölkənin xarici işlər naziri Subrahmanyam Caişankar ilə çinli həmkarı Van İ arasında keçirilən görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirilib.
Qeyd olunub ki, iki ölkənin xarici işlər nazirləri arasında aparılan danışıqlarda əsas diqqət ikitərəfli münasibətlərin sabitləşdirilməsi və bərpası üçün faktiki nəzarət xəttində qalan məsələlərin tezliklə həllinin tapılmasına yönəlib.
Aydın olub ki, nazirlər qüvvələrin tam çıxarılmasına tez bir zamanda nail olmaq üçün məqsədyönlü və təxirəsalınmaz işlərin aparılmasının zəruriliyi barədə razılığa gəliblər.
“Sərhədlərdə sülh və əmin-amanlıq ikitərəfli münasibətlərin normallaşması üçün vacibdir. Tərəflər iki ölkənin hökumətləri arasında əldə olunmuş müvafiq ikitərəfli razılaşmalara, protokollara və anlaşmalara tam əməl etməlidir”, - deyə məlumatda qeyd olunub.