Hindistanda yeni kənd təsərrüfatı qanunlarına etiraz edən fermerlər hökuməti tələbləri yerinə yetirilmədiyi təqdirdə ölkə parlamentini mühasirəyə alacaqları ilə hədələyirlər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə etiraz aksiyalarının liderlərindən biri, “Hindistanlı Kəndlilər Birliyi” təşkilatının nümayəndəsi Rakeş Tikait bildirib.
“Bu dəfə parlamentin mühasirəyə alınmasına çağırış olacaq. Bunu elan edəcəyik, ardınca da Delhiyə istiqamətlənəcəyik. Bu dəfə 400 min traktor olacaq!”, - Tikait dünən Racastanda kəndlilərin və fermerlərin qurultayında danışarkən deyib.
O, “paytaxta yürüş” çağırışının hər an edilə biləcəyi üçün fermerləri hazır olmağa çağırıb. Tikait məhsul əkini vaxtı gəldiyini, lakin fermerlərin etirazlarından əl çəkməyəcəklərini, hətta Delhidəki parkları şumlayıb orada məhsul yetişdirməyə hazır olduqlarını da söyləyib. Hərəkat liderinin sözlərinə görə, parlamentin mühasirəyə alınacağı tarix tezliklə müəyyənləşəcək.
Xatırladaq ki, fermer və kəndli birliklərinin minlərlə nümayəndəsi keçən ilin noyabr ayının sonlarından etibarən paytaxt Delhi bölgəsi ətrafında yeni kənd təsərrüfatı qanunlarının ləğv edilməsini tələb edərək etiraz aksiyaları keçirirlər. Fermerlərin etirazları çox vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşma ilə müşayiət olunur. Ən ciddi toqquşma yanvarın 26-da baş verib.
Etirazçılar sentyabr ayında qəbul edilən kənd təsərrüfatı qanunlarının ləğvini tələb edirlər. Rəsmi olaraq bu qanunlar fermerlərin məhsullarını ölkənin istənilən nöqtəsindəki ticarət bazarında satmalarını təmin edərək onların gəlirlərini artırmağı təmin edir. Ancaq etirazçılar praktikada bu qanunların dilerlərə daha böyük hökmranlıq verdiyini, eləcə də kənd təsərrüfatı məhsulları üçün zəmanətli minimum alış qiymətinin ləğv olunmasına gətirib çıxaracağını düşünürlər.
İndiyə qədər mərkəzi hakimiyyətlə bir neçə mərhələdə danışıqlar keçirilsə də, hələlik bu heç bir nəticə verməyib.