İndoneziyanın Şimali Sumatra əyalətində yerləşən Sinabunq vulkanı bu gün, təxminən, 5 km yüksəkliyə kül sütunu və tüstü buludları püskürüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın “Kompas” nəşri məlumat yayıb.
Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur, səlahiyyətlilər yerli sakinləri kraterdən 3 km məsafədə qalmağa çağırıblar.
Vulkan son dəfə bu cür aktivliyi 2020-ci ilin avqustunda göstərmiş və yenə 5 km yüksəkliyə kül sütunu püskürmüşdü.
Sinabunq 2 460 m hündürlükdə yerləşən aktiv vulkandır. O, 2010-cu ildə son 400 ildə ilk dəfə kül sütunu püskürüb. 2014-cü ildə Sinabunq vulkanının püskürməsi 16 nəfərin ölümünə səbəb olub. 2016-cı ildə onun aktivliyi nəticəsində 7 sakin ölüb.