İordaniyanın keçmiş vəliəhd şahzadəsi Həmzə ibn Hüseyn hökumətin əməlini tənqid etdiyi üçün ev dustaqlığına məhkum edildiyini yayımladığı videomüraciətdə təsdiq edib.
“Report” xəbər verir ki, bu barədə “BBC” taxtın keçmiş varisinin vəkilindən aldığı videoya istinad edərək məlumat yayıb.
O, qeyd edib ki, İordaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi onu ziyarət edib. Ziyarət zamanı Baş Qərargah rəisi bildirib ki, keçmiş vəliəhd şahzadəsinə çölə çıxmaq, insanlarla ünsiyyət qurmaq və onlarla görüşmək qadağan edilib.
“Qatıldığım iclaslarda və ya mənim iştirak etdiyim tədbirlərdən sonra sosial şəbəkələrdə müzakirələr zamanı hökumətin və ya kralın tənqidi diqqət çəkib. Lakin mən dövlət məmurlarını tənqid etməkdə günahlandırılmıram”.
Eyni zamanda, taxtın keçmiş varisi hökumətin işində çatışmazlıqların olduğunu bildirib:
“Son 15-20 ildə hökumət quruluşumuzda hökm sürən və getdikcə daha çox üzə çıxan idarəetmənin iflasına, korrupsiya və səriştəsizliyə məsul şəxs mən deyiləm”.
Qeyd edək ki, 40 yaşlı Həmzə ibn Hüseyn mərhum Kral Hüseyn inn Talalın və həyat yoldaşı Nurun oğludur. 1999-2004-cü illərdə İordaniyanın vəliəhdi vəzifəsini icra edib.