“Azərbaycan Ermənistan tərəfinin təxribatlarına uyğun və adekvat cavab verib. Bakının addımları tamamilə qanuni və beynəlxalq hüquq normalarına uyğundur”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistan silahlı qüvvələrinin ötən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatı şərh edərkən bildirib.
Ekspert vurğulayıb ki, sərhəddə vəziyyətin gərginləşməsinə səbəb İrəvanın sülh müqaviləsinin imzalanmasını pozmaq cəhdləridir: “Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını pozmaq niyyətindədir. Bu yaxınlarda Avropa İttifaqı Şurası rəhbərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən görüşündən sonra aydın olub ki, sülh müqaviləsinin imzalanması artıq son mərhələdədir. Açığı, Ermənistanda hadisələrin belə bir ssenaridə cərəyan etməsində maraqlı olmayan qüvvələr var, çünki sülh müqaviləsi İrəvanın ərazi iddialarından əl çəkməsi deməkdir”.
Onun sözlərinə görə, regionda vəziyyətin gərginləşməsində maraqlı olan üçüncü tərəflər də var: “ABŞ, Fransa və bütövlükdə Avropa İttifaqı başa düşür ki, sülh müqaviləsinin imzalanması həm də regionda nəqliyyat kommunikasiyalarının açılması deməkdir. Söhbət Zəngəzur, həmçinin “Şimal-Cənub” dəhlizlərinin işə düşməsindən gedir. Bu dəhlizlər isə Rusiyaya Qərbin blokadasından və sanksiyalarından yan keçmək üçün lazımdır. Buna görə də regionda gərginlik bu dəhlizlərin fəaliyyətə başlamasının təxirə salınması deməkdir. Bu, aparıcı Qərb dövlətlərinin uzunmüddətli maraqlarına uyğundur”.