"İsraillə Türkiyə arasında əməkdaşlığın inkişafı təkcə iki ölkənin deyil, regionun xeyrinə olacaq".
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.
"İsrail və Türkiyə əməkdaşlıq etməlidir, bu, bölgəmizə kəskin şəkildə təsir edəcək. Məqsəd ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafı üçün əsas yaratmaqdır”, - Hersoq əlavə edib.
Dövlət başçısı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun apreldə İsrailə səfər edəcəyini də bildirib.
Qeyd edək ki, bu gün Ankarada Türkiyə və İsrail prezidentlərinin görüşü olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İsrail Prezidenti İsaak Hersoqu Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılayıb.
“Report” xəbər verir ki, İ.Hersoq fəxri qaravul dəstəsinin önündən keçib.
Sonra iki ölkə prezidentlərinin təkbətək görüşü başlayıb. Danışıqlardan sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.
İsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə səfəri başlayıb.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, o, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Prezidentlər iki ölkə arasında əlaqələrin gələcək perspektivlərini müzakirə edəcəklər. Eyni zamanda, dövlət başçıları Ukraynadakı durum barədə fikir mübadiləsi aparacaqlar.
Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, bu, son 14 ildə İsrail Prezidentinin Türkiyəyə ilk səfəridir.