İsrail və “Hizbullah” arasında atəşkəsin qüvvəyə minməsindən bir gün sonra tərəflər artıq bir-birini atəşkəsi pozmaqda ittiham edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Ordusunun Hərbi Hava Qüvvələri Livanın cənubunda “Hizbullah”ın orta mənzilli raketləri saxlamaq üçün yararlandığı obyektə hücum etdiyini bildirib.
Onlar həmçinin nəqliyyat vasitələrində olan “şübhəli” şəxslərə atəş açdıqlarını bildiriblər. İsrail hesab edir ki, bu cür hərəkətlər atəşkəsin pozulmasıdır.
“Hizbullah”dan olan deputat Həsən Fədlallah isə öz növbəsində İsraili razılaşmaları pozmaqda ittiham edib. Onun sözlərinə görə, İsrail hərbçiləri sərhəd kəndlərinə qayıdan insanlara hücum edir.
Livanın təhlükəsizlik mənbələri və “Al Jadeed” telekanalı İsrailin Litani çayının şimalındakı bölgəyə hava hücumu etdiyini bildirib.
Atəşkəs razılaşması yalnız Litani çayının cənubunda icazəsiz hərbi obyektlərin sökülməsini nəzərdə tutur.
İsrail hərbçiləri cümə axşamı Livanın cənubundakı sakinlərin yerli vaxtla saat 17:00-dan 07:00-dək hərəkətini məhdudlaşdıran komendant saatını bərpa edib.
Qarşılıqlı ittihamlar münaqişəyə son qoymaq üçün ABŞ və Fransanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsin kövrəkliyini göstərib. Atəşkəs hərbi əməliyyatların daimi dayandırılmasına nail olmaq ümidi ilə 60 gün müddətinə razılaşdırılıb.