İsrailin xarici işlər naziri Yair Lapid Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) baş konsulluğun açılış mərasimində iştirak edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail XİN-in mətbuat xidməti məlumat yayıb.
“Dünən Əbu-Dabidə, bu gün Dubayda konsulluq açdıq. Bu gün açılışını etdiyimiz təkcə konsulluq deyil, həm də əməkdaşlıq mərkəzidir. Bura bizim birlikdə düşünmək, inkişaf etmək və dünyanı dəyişmək qabiliyyətimizi simvolizə edən yerdir”, - Lapid mərasimdə bildirib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 15-də Vaşinqtonda ABŞ-ın fəal iştirakı ilə İsrail tərəfi BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılması haqqında sənədlər imzalayıb. Bu sənədlər imzalananadək yəhudi dövlətinin ərəb ölkələrindən yalnız Misir və İordaniya ilə diplomatik münasibətləri mövcud idi.
“Bu gün qeyd etdiyimiz sülh hökumətlər və liderlər arasında deyil, insanlar və dövlətlər arasında əldə olunub. Bu, bizim məsələlərə olan baxışımızdır və elə bu səbəbdən də biz bu gün buradayıq”, - Lapid əlavə edib.