Kamerunun ingilisdilli regionundakı Buea şəhərində bomba partlayışı nəticəsində onlarla insan yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli KİV bildirib. Məlumata görə, hücum sərginin keçirildiyi ərazidə separatçılar tərəfindən təşkil olunub.
Əldəqayırma partlayıcı qurğunun tətbiqi ilə törədilən terror aktı nəticəsində onlarla insan xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların dəqiq sayı açıqlanmır.
Hücuma görə məsuliyyəti “Buea Ghost Fighters” (“Bueanın kabus döyüşçüləri”) qruplaşması üzərinə götürüb.
Ölkədə etirazlar 2016-cı ildə hökumətin ingilisdilli cənub və şimal-qərb bölgələrindəki məktəblərə və məhkəmələrə ingilis dilini bilməyən müəllimlər və hakimlər təyin etdikdən sonra başlayıb.
Separatçı qruplar “Ambazoniya” adlı simvolik dövlətin yaradıldığını bildirərək ingilis dilini rəsmi dil elan ediblər.
Son məlumata görə, ingilis dilinə görə yaranan böhran zamanı ordu ilə separatçılar arasında baş verən toqquşmalarda azı 3 min nəfər ölüb, 679 min insan ölkə daxilində məcburi köçkün, 40 min nəfər qaçqın vəziyyətinə düşüb.