ABŞ Konqresinin yanvarın 6-da basqın edilmiş binasının təmiri 30 milyon ABŞ dollarından baha başa gələcək.
“Report” xəbər verir ki, bu barədə “CBS News” telekanalı Kapitolinin memarı Brett Blentona istinadən məlumat verib.
“Heykəllər, freskalar, tarixi skamyalar və orijinal panjurlar – bunların hamısına müxtəlif dərəcədə ziyan dəyib”, - memar Konqresin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə bildirib.
Konqresin alt palatasındakı qanunvericilər artıq bu xərcləri ödəmək üçün 30 milyon ABŞ dollarının ayrılmasını təsdiqləyiblər. Eyni zamanda, Blenton binanın təmiri üçün daha çox vəsait tələb oluna biləcəyini də istisna etməyib.
Xatırladaq ki, ötən il noyabrın 3-də ABŞ-da keçirilmiş prezident seçkisində demokrat Cozef Bayden qalib gəlib. Onun sələfi Donald Tramp isə seçki nəticələrini tanımayıb və məhkəmələrdə onlara etiraz edib. Yanvarın 6-da Tramp tərəfdarları parlamentin seçki nəticələrini təsdiqləyəcəyi iclasının keçirildiyi Konqres binasına hücum edib.