Keniya Tibbi Tədqiqatlar İnstitutunun mütəxəssisləri ölkənin cənub-şərqində unikal xüsusiyyətlərə malik olan və hələlik dünyanın digər yerlərində koronavirusun 16 yeni ştammını aşkar ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Keniyanın “East African” qəzeti məlumat yayıb.
“Yeni ştammların özəlliyi ondadır ki, onlar sürətlə yayıla bilirlər və xəstəliyin ilkin mərhələsində onları yoluxmuş insanda müəyyənləşdirmək çox çətindir. Ancaq ötən ilin sonlarında Taita dairəsində aşkar olunan yeni mutasiyalar bu yaxınlarda Cənubi Afrika və Böyük Britaniyada aşkar edilmiş təhlükəli koronavirus növlərindən genetik cəhətdən fərqlənirlər”, - tədqiqat iştirakçılarından biri olan Çarlz Aqoti deyib.
Tədqiqatlara Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da qoşulub.
Ç.Aqoti məhz yeni mutasiyalar sayəsində Taitada yoluxma sayının xeyli çoxaldığını vurğulayıb. Eyni zamanda, dörd ştamm aqressivliyi ilə fərqlənir. Keniyalı alimlər ölkənin koronavirusun yayılması ilə bağlı “partlayıcı” ssenari ilə qarşılaşa biləcəyini istisna etmirlər.
Qeyd edək ki, indiyədək Keniyada 98 432 yoluxma təsbit edilib, 1 716 koronavirus xəstəsi ölüb.