ABŞ, Yaponiya və Cənubi Koreyanın qarşıdurma hərəkətləri Koreya yarımadası ətrafında sabitliyi pozur və nüvə müharibəsi riskini artırır.
“Report” Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir ki, bunu KXDR lideri Kim Çen In Koreya Xalq Ordusunun Hərbi Dəniz Qüvvələri komandanlığına səfəri zamanı deyib.
Kim Çen In bildirib: "Bir müddət əvvəl ABŞ, Yaponiya və Cənubi Koreyadan olan dəstə rəhbərləri bir araya gələrək müxtəlif birgə hərbi təlimlər keçirəcəklərini bəyan etdilər və onları həyata keçirməyə başladılar. ABŞ da daxil olmaqla, düşmən qüvvələrin ehtiyatsız qarşıdurma manevrləri ucbatından Koreya yarımadasının ətrafındakı sular bu gün dünyanın ən böyük hərbi texnikanın cəmləşdiyi əraziyə çevrilib”.
“Mövcud vəziyyət bizim Hərbi Dəniz Qüvvələrimizdən daimi döyüş hazırlığını tələb edir”, - KXDR lideri əlavə edib.
Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden, Yaponiyanın Baş naziri Fumio Kişida və Cənubi Koreya Prezidenti Yun Seok Yeol avqustun ortalarında üçtərəfli sammitdə hərbi əməkdaşlığı gücləndirmək məqsədilə hər il birgə təlimlər keçirmək barədə razılığa gəliblər.