Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkədə ilk koronavirusa yoluxma halının aşkarlanmasından sonra önləyici tədbir kimi Keson şəhərini bağlamağı və onun rayonlarını bir-birindən təcrid etməyi qərara alıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (ÇTAK) bildirib.
Koreyanın Əmək Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosu koronavirusa yoluxmanın aşkarlandığı Keson şəhərində vəziyyətin müzakirəsi üçün KXDR lideri Kim Çenın Inın sədrliyi ilə fövqəladə iclas çağırıb.
Şimali Koreya lideri həmçinin şəhərdə fövqəladə vəziyyət rejimini tətbiq edib. İclasda "milli fövqəladə karantin sistemindən" "maksimal fövqəladə sistem"ə keçid barədə qərar qəbul edilib.
Qeyd edək ki, KXDR-də koronavirusa ilk yoluxma qeydə alınıb. Məlumata görə, təhlükəli virusun aşkarlandığı şəxs Şimali Koreyaya iyulun 19-da qanunsuz yolla gəlib.
Koreya Xalq Demokratik Respublikasının Epidemiya ilə mübarizə üzrə Təşkilatı bildirib ki, KXDR-ə qayıtmış şəxsin koronavirus analizlərinin nəticələri qeyri-müəyyəndir. Onunla bağlı sərt karantin qaydaları tətbiq edilib. Hazırda hakimiyyət orqanları virusa yoluxduğu şübhə edilən bu şəxsin əlaqədə olduğu adamları müəyyənləşdirir.