Almaniyanın silah konserni “Rheinmetall” şirkəti Dortmund “Borussiya” futbol klubu ilə 3 illik reklam müqaviləsi imzalayıb.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Handelsblatt” qəzeti məlumat yayıb.
Belə ki, “Borussiya”nın Çempionlar Liqasının finalına hazırlaşacağı məşq meydançasında reklam lövhələrindən birində “Rheinmetall” loqosu görünəcək.
Lakin futbolçuların formalarında heç bir loqo olmayacaq. Müqavilənin dəqiq dəyəri açıqlanmayıb. Nəşr illik 1 milyon avrodan 10 milyon avroya qədər məbləğ haqqında yazıb.
Qeyd edək ki, “Rheinmetall”ın dövriyyəsi 2023-cü ildə 12% artaraq 7,1 milyard avroya çatıb. 2024-cü il üçün şirkət 10 milyard avro satış proqnozlaşdırır. Keçən il xalis mənfəət 9% artaraq 0,6 milyard avroya çatıb.