Rumıniyadan Avropaya qaçaq yolla 10 milyonlarla dollar həcmində tütün məmulatları daşınıb.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə “Qəpik” verilişinin efirində bildirilib.
Rumıniya Dövlət Gömrük İdarəsinin regional şöbəsindən bildirilib ki, siqaretlər rüsumsuz daşınır.
Qeyd olunub ki, bir neçə gün əvvəl, martın 24-də Rumıniya hüquq-mühafizə orqanlarının əməkdaşları Braşov şəhəri yaxınlığında yoxlama üçün saxladıqları Ukrayna BX 5519 SM dövlət nömrə nişanlı yük maşınında siqaretlər aşkar edilib. Gömrükçülərə avtomobilin Sibiu şəhəri istiqamətində hərəkət etməsi barədə məlumat verilib, lakin təyinat yeri kimi qarşı tərəfdə yerləşən Buxarest göstərilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilin yükünü yoxlamaq qərarına gəliblər. Axtarış nəticəsində “Roşen” şirniyyatlarının qutularının altından 3.838.000 “Comliment Blue” siqareti, 10.000 ədəd “Kent” siqareti, 10.000 ədəd “Kent Kristal” siqareti aşkarlanıb.
Hesablamalara görə qaçaqmalçılıq nəticəsində ödənilməmiş aksiz vergisi 1 milyon avro dəyərindədir.
Hadisə ilə əlaqədar olaraq həm Ukrayna, həm də Rumıniyada cinayət işi açılıb. Sürücünün qaçaqmalçılıqdan xəbərdar olub-olmadığı hələ ki, müəyyənləşməyib.
Müstəntiqlərin fikrincə, 2022-2023-cü illərdə BX 5519 SM nömrə nişanlı avtomobil “Roşen” şirniyyatlarının daşınması üçün Ukraynadan Rumıniyaya 16 dəfə reys edib. Həmin bağlamaların hər birində siqaret varsa, deməli, 10 milyonlarla dollar həcmində qaçaqmalçılıq həyata keçirilib.