ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obraen hesab edir ki, Donald Tramp sülhməramlılıq sahəsində qazandığı uğurlara görə Sülh üzrə Nobel mükafatına əsas namizəd ola bilər.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu fikri diplomat Ağ Evdə keçirdiyi mətbuat konfransında səsləndirib.
“Düşünürəm ki, prezident böyük sülhməramlı kimi tarixə düşəcək. İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında sülhə nail oldu, Əfqanıstanla bağlı tarixi razılaşma əldə etdi və Koreya Xalq Demokratik Respublikası ilə müharibənin qarşısını aldı.
Ətrafınıza baxıb Trampın sülh məsələsində nələr etdiyinə diqqət yetirin. Bir müddət sonra onun Nobel mükafatına namizəd olacağını görsəm heç təəccüblənmərəm.”-deyə, o bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, İsrailin Baş Naziri Benyamin Netanyahu və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayidin İsrail ilə BƏƏ arasında diplomatik əlaqələrin qurulması barədə aparılan danışıqlar yekunlaşıb.
Danışıqların sonunda iki ölkə arasında diplomatik əlaqələrin qurulması barədə razılıq əldə edilib.