Koronavirusun ilk dəfə qeydə alındığı Çinin Uhan şəhərində gözlənilmədən COVID-19-a yeni yoluxmalar qeydə alınıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, şəhərdə on minlərlə insan COVID-19 testi üçün növbəyə durub. Məsələ burasındadır ki, şəhərdə 2020-ci ildən bəri ilk dəfə infeksiyaya yeni yoluxma qeydə alınıb.
Məlumata görə, şəhərdə yeddi nəfərə koronavirus diaqnozu qoyulub və indi həkimlər 11 milyon nəfərdən ibarət olan bütün əhalini yoxlayacaq. İnfeksiyanın qeydə alındığı ərazi artıq bloklanıb.
Şəhərdəki bütün təhsil müəssisələrinin işi dayandırılıb. Yerli KİV-lər bir çox sakinlərin çölə çıxmaqdan çəkindiklərini bildirib.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.