“Vaşinqtonda baş verən iğtişaşların səbəbi Tramp administrasiyasının seçkidə məğlubiyyətini etiraf etmək istəməməsi idi. Bu, onun tərəfdarlarının Baydenin prezident seçilməsini qanuniləşdirən Konqresin seçki nəticələrini təsdiqlənməsinin qarşısını almaq üçün son cəhdi idi. Cəhd uğursuz oldu”.
Bu sözləri “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko ABŞ paytaxtında dünənki etiraz aksiyalarını və ABŞ Konqresinin binasına basqını şərh edərkən deyib.
“Dünən Vaşinqtonda izlədiyimiz hadisələrin Qərb dünyasının demokratiya nümunəsi olduğunu iddia edən ölkədə baş verdiyini müşahidə etmək çox qəribədir. Sanki inqilabi İrəvan və ya inqilabi Kiyevdir. Ancaq ABŞ paytaxtı deyil. Əlbəttə ki, başverənlərin demokratiya ilə çox az əlaqəsi var”, - Korotçenko bildirib.
Ekspertin fikrincə, təkrar seçkinin keçirilməsini tələb edən çoxsaylı qanun pozuntularına baxmayaraq, bu gün Baydenin qələbəni qazandığı hər kəsə tam aydındır: “Trampın bu vəziyyətdə nəsə etməsi faydasızdır. Özü də yanvarın 20-də postu təhvil verəcəyini açıqlayıb. Faktiki olaraq məğlubiyyətini etiraf edib”.
Korotçenko eyni zamanda Rusiya ilə ABŞ arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında sazişin (Yeni START) müddətinin uzadılmasının yeni prezident üçün yaxşı bir ilk addım olacağını da qeyd edib. Bununla yanaşı, ekspertin fikrincə, anti-Rusiya siyasəti artırıla da bilər ki, bu da Rusiyanın maliyyə sektoruna və iqtisadiyyatına qarşı yeni sanksiyalarla müşayiət olunacaq.