Böyük Britaniya kraliçası II Yelizaveta Bukinhem sarayında Britaniyanın əks-kəşfiyyat xidməti “MI5”in keçmiş rəhbəri Endryu Parkerə yüksək vəzifə verib.
“Report” xəbər verir ki, bu barədə Bukinhem sarayının bəyanatında qeyd olunub.
E. Parker 1 aprel tarixindən Lord Kamerqer vəzifəsini yerinə yetirəcək. Bundan əvvəl Lord Kamerqer vəzifəsi 73 yaşlı Uilyam Pilə tapşırılmışdı.
Qeyd edək ki, Lord Kamerqer kral sarayının bütün təsərrüfat işlərinə rəhbərlik edir, monarxla Britaniya Parlamentinin Lordlar Palatası arasında əlaqə yaradır, kral ailəsinin üzvlərinin iştirak etdiyi dövlət ziyarətləri və toy mərasimləri təşkil edir. Bu vəzifə XIV əsrin sonunda yaradılıb.