BMT mütəxəssisləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) 2020-ci ildə sanksiyalara uyğun olaraq icazə verilən yanacaq alış normasını dəfələrlə aşdığını açıqlayıb.
“Report”un məlumatına görə, bu barədə təşkilatın mütəxəssislərinin hesabatına istinadən France-Presse (AFP) agentliyi xəbər yayıb.
BMT-nin məhdudiyyətlərinə uyğun olaraq rəsmi Pxenyan ildə 500 min bareldən çox neft və neft məhsulları ala bilməz.
Lakin mütəxəssislərin BMT Təhlükəsizlik Şurasına təqdim etdikləri hesabata görə, bu hədd bir neçə dəfə aşılıb. Mütəxəssislərin fikrincə, yanvar-sentyabr ayları ərzində ölkəyə ümumilikdə ən azı 121 dəfə təmizlənmiş neft məhsulları (benzin, dizel - Red) tədarük edilib. Eyni zamanda, mallar, xüsusən Təhlükəsizlik Şurasına üzv dövlətlərdən biri tərəfindən tədarük edilib.
Bundan əlavə, mütəxəssislərin fikrincə, KXDR nüvə silahı yaratmaq üçün istifadə edilə bilən “bölünən materiallar istehsalına” davam edir. Hesabatda, ölkənin haker hücumları ilə 300 milyon dollardan çox kriptovalyuta ələ keçirdiyi də iddia edilir.