Fevralın 16-da Latviya parlamenti sonuncu oxunuşda sərxoş sürücülərdən müsadirə edilən avtomobillərin Ukraynaya ötürülməsinə icazə verən Ukraynaya dəstək haqqında qanuna düzəlişləri qəbul edib.
“Report” yerli LETA-ya istinadən xəbər verir ki, avtomobillərin təhvil verilməsi ilə bağlı qərarı Latviya hökuməti verəcək.
Bu həftə hökumət koalisiyası avtomobillərin Ukrayna Ordusuna təhvil verilməsinin mümkünlüyü ilə bağlı razılığa gəlib.
“Hazırda biz sərxoş sürücülərdən müsadirə olunmuş nəqliyyat vasitələrini sata, yenidən emal edə və ya hissələrə sökə bilərik, lakin biz görürük ki, hazırkı şəraitdə onlar Ukrayna xalqı üçün faydalı dəstək olardı”, - agentlik parlamentin Müdafiə, daxili işlər və korrupsiyanı qabaqlamaq komissiyasının sədri Raymond Berqmanisdən sitat gətirib.
Qeyd edək ki, sərxoş sürücülərdən avtomobillərin müsadirə edilməsi haqqında qanun Latviyada yalnız ötən il qəbul edilib. Sürücünün qanında 1,5 promildən çox alkoqol və ya narkotik vasitələrin izləri aşkar edildikdə, habelə o, alkoqol və narkotik vasitələrin yoxlanılmasından imtina etdikdə avtomobilə əl qoyulur.