Fransanın müxalif "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen baş nazir Mişel Barnye ilə uğursuz danışıqlardan sonra koalisiya hökumətinə dəstəyin geri çəkilə biləcəyi barədə xəbərdarlıq edib.
“Report” xəbər verir ki, o, bu barədə Barnye ilə görüşdən sonra BFMTV telekanalına müsahibəsində bildirib.
Le Pen qeyd edib ki, baş nazirlə danışıqlar büdcə ixtisar tələblərinin yenidən baxılması ilə bağlı onu qane etməyib. O vurğulayıb ki, kompromisə nail olmaq şansları minimal olaraq qalır.
Dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutan 2025-ci il büdcə qanun layihəsi hakim koalisiya ilə müxalifət arasında kəskin müzakirələrə səbəb olub. Le Pen öz təhdidini həyata keçirsə, hökumət etimadsızlıq səsverməsi ilə üzləşə bilər.
O izah edib ki, onlar hökumətin elektrik enerjisi vergilərinin artırılması planının layihədən çıxarılmasını tələb edirlər. Le Pen, həmçinin hökumət başçısını Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə edərək büdcəni parlamentdən yan keçməklə qəbul etməkdən çəkindirib.
Fransa Konstitusiyasının 49.3-cü maddəsi hakimiyyətə səsvermə olmadan qanunlar qəbul etməyə imkan verir. Lakin bu normanın tətbiqi zamanı Baş Assambleya 24 saat ərzində hökumətə etimadsızlıq səsverməsi keçirə bilər.